Nur - 24:55 Allah, iman edib müttəqi davrananlarınızı, onlardan öncəkiləri hakim etdiyi kimi onları da hakim edəcəyinə, onlar üçün seçdiyi dini bərqərar edəcəyinə və qorxularını güvənə çevirəcəyinə (dair) söz vermişdir. Çünki onlar Mənə qulluq edərlər və Mənə heç bir şeyi ortaq qoşmazlar. Bundan sonra inkar edənlər, yoldan çıxmış olanlardır.
Allahın bizim üçün seçdiyi din nədir?
Maidə/5:3 Leş, qan, donuz əti, Allahdan başqasına nəzir edilənlər sizə haram edildi. Canları çıxmadan kəsməyiniz istisna, boğulmuş, vurulmuş, (hündür yerdən) düşmüş, buynuzlanmış və öldürülmüş, canavar tərəfindən yeyilmiş heyvanlar, müqəddəsləşdirilmiş daşlar üzərində boğazlanaraq fal oxları ilə dağıdılanlar, bəli bunlar pisdir. Kafirlər bu gün dininizdən ümid kəsmişlər. Onlardan çəkinməyin; Məndən çəkinin. Bu gün sizə dininizi kamilləşdirdim, sizə nemətimi tamamladım və sizə din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən məcburiyyətdə qalarsa, günaha istəklə yönəlmədən yeyərsə, ona günah yoxdur. Çünki, Allah Bağışlayandır, Rəhmlidir.

Həcc/22:78 Və Allah uğrunda lazımi cəhdi və fəaliyyəti göstərin. Odur sizi seçən. O, atanız İbrahimin yolu olan bu dini, sizin üçün çətin və ağır etmədi. Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün, sizi, daha öncə də, indi də "Müsəlmanlar=Təslim olanlar" olaraq adlandıran Odur. Namazı qoruyun, zəkatı verin və Allaha sarılın; Mövlanız (Sahibiniz) Odur. Nə gözəl Sahib və nə gözəl Yardımçıdır!

Ali İmran/3:85 Kim İslamdan (Tanrıya təslim olmaqdan) başqa bir din axtararsa ondan qəbul edilməyəcək və o axirətdə ziyana uğrayanlardan olacaqdır.