Bəqərə - 2:122
İsrail oğulları! Sizə verdiyim nemətimi və digər xalqlardan daha çox sizə bəxş etdiyimi xatırlayın.
Allahın digər insanlardan daha çox İsrail oğullarına bəxşişi; Fironun zülmündən qurtarılmaları, aralarından peyğəmbərlərin çıxarılması və çox sayda möcüzələr:
Duxan/44:30
İsrail oğullarını alçaldıcı zülmdən qurtarmışdıq;
Duxan/44:31
Firondan. O, azğın bir diktator idi.
Duxan/44:32
Bütün insanların arasından xüsusilə onları seçdik.
Duxan/44:33
Və onlara, açıq-aydın bir imtahan olaraq möcüzələr verdik.
Bəqərə/2:47
İsrail oğulları! Sizə verdiyim nemətlərimi və sizi bütün insanlardan üstün tutmamı xatırlayın.
Bəqərə/2:211
İsrail oğullarından soruş ki, onlara nə qədər açıq-aşkar ayələr verdik! Özünə Allahın neməti gəldikdən sonra onu dəyişdirənlər üçün Allah ağır bir cəza verər.
Maidə/5:20
Musa öz xalqına belə demişdi: “Ey xalqım! Allahın üzərinizdəki nemətini xatırlayın: Aranızdan peyğəmbərlər çıxardı, sizi azad kimsələr etdi və xalqların heç birinə vermədiyini sizə verdi."
Yunus/10:93
İsrail oğullarına şərəfli bir yer bağışladıq və onlara gözəl ruzilər verdik. Fəqət, onlara elm gəldikdən sonra ayrılığa düşdülər. Rəbbin, dirilmə günü, ayrılığa düşdükləri mövzuda aralarında hökm verəcəkdir.
İsra/17:101
Musaya açıq-aşkar doqquz möcüzə verdik. İstəyirsən İsrail oğullarından soruş. Onların yanına getdiyində, Firon ona, "Musa, sənin ovsunlanmış olduğunu sanıram," demişdi.
Ta ha/20:80
Ey İsrail oğulları! Sizi düşməninizdən qurtarmış, Sina dağının sağ yanında sizə söz vermiş və üzərinizə Mənna və bildirçin endirmişdik.
Nəml/27:12
"Əlini qoynuna sal ki; qüsursuz ağappaq olaraq çıxsın. Firon və xalqına göstərəcəyin doqquz möcüzədən biridir. Onlar yoldan çıxan bir camaatdırlar."
Zuxruf/43:48
Onlara bir-birindən böyük möcüzələr göstərdik və bəlkə dönərlər deyə başlarına müxtəlif fəlakətlər gətirdik.