Maidə - 5:76 De: "Allahdan başqa, sizə zərər və fayda verə bilməyənlərəmi qulluq/xidmət edirsiniz? Allah Eşidir, Bilir."
Onlara zərər və fayda verə bilməyənlərə nə üçün qulluq/xidmət etdilər?
Əraf/7:188 De ki: "Allahın istədiyindən başqa mən özümə nə bir fayda, nə də bir zərər verə bilmərəm. Gizlini bilsəydim malımı artırardım, mənə pislik də toxunmazdı. Mən ancaq iman edən bir camaat üçün bir xəbərdarlıq edən və müjdə verənəm."

Yunus/10:18 Allahı buraxıb, özlərinə nə zərər, nə də fayda verə bilməyənlərə qulluq/xidmət edirlər və: "Bunlar, Allah yanında bizə şəfaət edəcəklər," deyirlər. De ki: "Allahın göylərdə və yerdə bilmədiyi şeylərimi Ona bildirirsiniz? O çox Ucadır, ortaq qoşduqlarınızdan uzaqdır."
Yunus/10:49 De ki: "Allahın istəməsi xaricində, mən özümə belə nə bir zərər, nə də bir fayda vermə gücünə sahib deyiləm. Hər camaatın bir vaxtı vardır. Vaxtları bitincə nə bir saat gecikdirilər, nə də irəli alınarlar."

Rad/13:16 De ki: "Rəbbi kimdir, göylərin və yerin?" De ki: "Allahdır!" De ki: "Ondan başqa, özlərinə belə fayda və zərər verə bilməyən kimsələri övliyalarmı seçdiniz?" De ki: "Heç korla görən eyni ola bilərmi, yaxud heç qaranlıqla işıq eyni ola bilərmi?" Yoxsa Allahın yaratdığı kimi yaradan ortaqlar tapdılar sonra da yaratmalarını bir-biriyləmi qarışdırdılar? De ki: "Allah hər şeyin Yaradıcısıdır. O Təkdir, Hökmdardır."

Furqan/25:2 Göylərin və yerin hökmranlığı Ona aiddir. Övlad götürməmişdir və hökmranlığında da Özünün ortağı yoxdur. Hər şeyi yaratmış və ən təfərrüatlı ölçülərlə ona nizam vermişdir.
Furqan/25:3 Buna rəğmən Onunla yanaşı, bir şey yarada bilməyən, özləri yaradılan, özlərinə belə fayda və zərər verə bilməyən, öldürə bilməyən, yaşada bilməyən və dirildə bilməyən bir neçə tanrılar qəbul etdilər.