Maidə - 5:77 De, "Kitablılar! Dininiz mövzusunda gerçəkdən kənara çıxmayın. Daha öncə azan, çox kimsəni də azdıran, beləcə doğru yolu itirən bir camaatın həvəslərinin ardınca getməyin."
Kitablılar dinlərində gerçəkdən kənara necə çıxdılar?
Tovbə/9:30 Yəhudilər: "Üzeyir Allahın oğludur," dedilər. Xristianlar da: "Məsih Allahın oğludur," dedilər. Bu, ağızlarından çıxan sözləridir. Öncədən inkar etmiş olanların sözlərini təqlid edirlər.  Allah onları məhkum edər. Necə də çevrilirlər?

Nisa/4:171 Kitablılar! Dininizdə həddi aşmayın. Allah haqqında yalnız gerçəyi söyləyin. Məryəm oğlu İsa Məsih, sadəcə Allahın elçisi və Məryəmə göndərdiyi kəlməsi və Ondan gələn bir candır. Allaha və elçilərinə iman edin. “Üçdür,” deməyin. Öz xeyriniz üçün buna son verin. Tək tanrı yalnız Allahdır! O, övlad sahibi olmaqdan ucadır. Göylərdə və yerdə nə varsa, Onundur. Vəkil olaraq Allah yetər.

Maidə/5:17 “Allah Məryəm oğlu Məsihdir,”– deyənlər əlbəttə kafir olmuşdurlar. De ki: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəyərsə, kim buna əngəl ola bilər?” Göylərin, yerin və arasındakıların hökmranlığı Allaha aiddir. İstədiyini yaradır. Allah hər şeyə Gücü Yetəndir.
Maidə/5:116 Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."
Maidə/5:18 Yəhudilər və Xristianlar: “Biz Allahın oğulları və sevimliləriyik”– dedilər. "Elə isə günahlarınıza görə nə üçün sizi cəzalandırır? Siz sadəcə Onun yaratdığı insanlardansınız," - de. İstəyəni/istədiyini bağışlayır, istəyəni/istədiyini də cəzalandırır. Göylərin, yerin və bunların arasındakıların hökmranlığı Allaha aiddir. Dönüş də Onadır.