Ənfal - 8:30
İnkar edənlər səni təsirsiz hala gətirmək və ya səni öldürmək, ya da səni yurdundan qovub çıxartmaq üçün planlar qururdular. Onlar plan qururlarsa, Allah da plan qurur. Allah plan quranların Ən Ustasıdır.
Keçmiş qövmlərin inkar edənləri də elçiləri təsirsiz hala gətirmək istədilər:
Əraf/7:88
Xalqının təkəbbürlü öncüləri, "Şueyb, ya səni və səninlə bərabər iman edənləri şəhərimizdən sürgün edəcəyik, ya da dinimizə geri dönərsiniz!" dedilər. O da belə dedi: "Biz istəməsək də, eləmi?"
İbrahim/14:12
"Bizə yollarımızı göstərdiyi halda, nə üçün Allaha güvənməyək? Sizin bizə etdiyiniz əziyyətə qarşı səbrlə müqavimət göstərəcəyik. Güvənənlər Allaha güvənməlidir."
İbrahim/14:13
İnkar edənlər elçilərinə, "Ya bizim dinimizə geri dönərsiniz, ya da sizi yurdumuzdan qovarıq!" dedilər. Rəbləri onlara, "Zalımları məhv edəcəyik," deyə vəhy etdi,
Bəqərə/2:61
Fəqət siz, “Musa! Biz eyni cür yeməklərə dözə bilməyəcəyik. Rəbbini bizim üçün çağır, bizə lobya, qabaq, sarımsaq, mərcimək, soğan kimi torpağın bitirdiyindən yetişdirsin," demişdiniz ki: "Yaxşı olanı daha aşağı olanlamı dəyişdirmək istəyirsiniz? İstəyirsinizsə Misirə geri dönün, orada axtardığınızı tapa bilərsiniz!" demişdi. Beləcə alçaqlıq və yoxsulluğa məhkum edildilər və Allahın qəzəbinə məruz qaldılar. Çünki onlar Allahın ayələrinə qarşı sürəkli nankorca davranırlar, peyğəmbərləri haqsız yerə öldürürdülər. Çünki onlar, qarşı gəlib həddi aşırdılar.
Bəqərə/2:87
Musaya Kitabı verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Məryəm oğlu İsaya da açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Məgər bir elçi sizə xoşlamadığınız bir şey gətirdikdə təkəbbür göstərmədinizmi? Necə ki, (onların) bir qismini yalançı hesab etdiniz və bir qismini də öldürdünüz.
Nisa/4:154
Onlardan söz alarkən Sina Dağını üzərlərinə yüksəltdik. Onlara, "Qapıdan təvazökar olaraq daxil olun," - dedik. Onlara, "Şənbə gününün qadağasını pozmayın," - dedik; onlardan sağlam bir söz aldıq.
Nisa/4:155
Sözlərini pozmalarından, Allahın ayə və dəlillərini inkar etmələrindən, peyğəmbərləri haqsız yerə öldürmələrindən və “Sabit fikirliyik!”– demələrindən ötrü, bəli inkarlarından ötrü Allah onların anlayışlarını möhürlədi. Bunun üçün çox az hissəsi iman edir.
Maidə/5:70
İsrail oğullarından söz almış, onlara elçilər göndərmişdik. Hər nə vaxt xoşlarına gəlməyən bir şeylə onlara bir elçi gəldisə, bir qismini yalanlayıb, bir qismini də öldürdülər.
Hud/11:91
Dedilər, "Şueyb, sənin söylədiklərinin bir çoxunu anlamırıq. Üstəlik biz, səni aramızda gücsüz görürük. Qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sənin bizə qarşı hər hansısa bir üstünlüyün yoxdur."
Məryəm/19:46
(Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.
Şuəra/26:116
Dedilər ki, "Bax, Nuh, bu davranışına bir son qoymasan daşqalaq edilənlərdən olacaqsan."
Nəml/27:49
Allaha and içərək bir-birlərinə, "Ona və ailəsinə bir gecə hücumu edək və sonra onun qəbiləsinə, onların ölümü haqqında heç bir şey bilmədiyimizi və doğru danışdığımızı söyləyək," dedilər.
Ğafir/40:5
Onlardan öncə Nuhun xalqı da yalanlamışdı və onlardan sonra bir çox partiya da... Hər topluluq elçilərini təsirsiz hala gətirməyə çalışdı. Gerçəyi aradan qaldırmaq üçün boş və yanlış şeylərlə mübahisə etdilər. Axırda onları yaxaladım; cəzalandırmam necə imiş?